Aqrar Sığorta Fondu 2022-ci ili 2,586 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Fond 2021-ci ildən 1,308 milyon manat xalis zərərlə çıxmışdı.
“Bakımillitv.az” xəbər verir ki, ötən il Aqrar Sığorta Fondunun sığorta haqları üzrə gəlirləri 13,739 milyon manat (əvvəlki ilə nisbətən 21,5 % çox), təkrarsığorta xərcləri 2,086 milyon manat (14,6 % az), idarəedici quruma ayırmaları 1,16 milyon manat (2,6 % çox), qazanılmamış sığorta ehtiyatlarının dəyişməsindən gəlirləri 1,328 milyon manat (əvvəlki il zərər olub), zərər üzrə ehtiyatların dəyişilməsi xərcləri 3,753 milyon manat (9,1 dəfə çox), ümumi ödənilmiş xalis zərəri 1,978 milyon manat (25 dəfə çox), sığorta komissiya xərcləri 891 min manat (4,6 dəfə çox), maliyyə gəlirləri 532 min manat (25,2 % çox), maliyyə xərcləri 16 min manat (48,4% az), əməliyyat xərcləri 2,08 milyon manat (37,3 % çox), sair gəlirləri 314 min manat (314 dəfə çox), sair xərcləri 628 min manat (3,2 dəfə çox), mənfəət vergisi üzrə ödəmələri isə 736 min manat (4,2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə Aqrar Sığorta Fondunun aktivləri 22,095 milyon manat olub ki, bu da illik müqayisədə 35,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 31,8 % artaraq 13,275 milyon manata, balans kapitalı isə 41,5 % artaraq 8,82 milyon manata çatıb.
Xatırladaq ki, Aqrar Sığorta Fondu ölkə prezidentinin 19 avqust 2019-cu il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 9 milyon manatdır.