Kriştianu Ronaldu ardıcıl ikinci matçda qol vurub.
Portuqaliyalı hücumçu “Ən-Nəsr”in heyətində Ərəb Çempionlar Kuboku matçında (1:1) Misir təmsilçisi “Zamalek”in qapısına başı ilə zərbə endirib. O, Səudiyyə Ərəbistanındakı Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirib.
Məhz bu nəticə “Ən-Nəsr”i Ərəb Çempionlar Kubokunun pley-off mərhələsinə çıxarıb. Belə ki, komanda üç görüşdən beş xal toplayaraq qrupda ikinci olub. “Zamalek” dörd xalla üçüncü pillədə qərarlaşıb. İlk sıranı isə “Əl-Şəbab” tutub.
Qeyd edək ki, qarşılaşmada Ronaldunun yeni komanda yoldaşı, “Bavariya”dan ərəb klubuna keçən Mane debüt edib.