Xalqımızın şanlı tarixi coxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir, sərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Hər kəs anadan qəhrəman doğulmur. Onun yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Vətən, torpaq uğrunda öz canını qurban verənlər xatirəyə dönüb dillər əzbəri olurlar. Öz qanını Vətən torpaqları üzərinə çiləyən, qəlblərə köçərək milyonlarla insanın sevgisini qazanan Vətənin laiqli övladlarından biri şəhid Ağacavad Mütəllimzadənin 3- cü ildönümü qeyd olundu. Bu gün əməkdaşımız İlhamə Hüseyni, Bəstəkar Yaqut Almaz, Müğənni Valeh Əli şəhidin ailəsini ziyarət etdilər. Şəhidin anası Nailə xanım şəhidin keçdiyi ömür yolundan danışdı. Və sonda şəhidin ev muzeyində xatirə şəklləri çəkildi.
Onuda qeyd edək ki, Ağacavad Ələsgər oğlu Mütəllimzadə 1997-ci il avqustun 14-də Bakının ən qədim kəndlərindən biri olan Maştağada Mütəllimzadələr ailəsində üçüncü oğlan uşağı dünyaya göz açdı. Atanın-ananın sevinci yerə-göyə sığmadı. Sonbeşik övladın adını Ağacavad qoydular. Ağacavad öz əməli, davranışı və qoçaqlığı ilə valideynlərinin sevimlisinə çevrildi. Ağacavad 255 nömrəli orta məktəbi bitirdi. Müəllimlər və sinif yoldaşları da deyirlər ki, illər necə tez gəlib keçdi. Ağacavad sanki dünən məktəbi bitirib. Gələcəyin əsgəri daha çox fiziki hazırlıq dərslərində, həmçinin məktəb yoldaşları arasında xoş davranışı ilə yadda qalıb. Ov etmək, balıq tutmaq onun hobbisi idi.
Mütəllimzadə Ağacavad müddətli həqiqi hərbi xidmətini cəbhə bölgəsində, düşmənlə üzbəüz mürəkkəb relyefə malik ərazidə keçirmişdi. Murovdağ silsiləsində hərbi xidmət etməyin nə olduğunu hərbçilərimiz daha yaxşı bilirlər. Ağacavadın kəşfiyyat bölməsində xidmət etmək üçün komandirə müraciət etdiyini bu gün əsgər yoldaşları qürurla xatırlayırlar.
Ötən il iyulun ortalarında erməni vandalları dövlət sərhədimizi pozaraq döyüş mövqelərimizi ağır artilleriya silahlarından atəşə tutaraq yeni ərazilərimizi işğal etmək istəyinə düşdülər. Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir neçə hərbi qulluqçumuz şəhid oldu. O zaman xalqımızın qeyrətli, vətənpərvər igid oğulları könüllü cəbhəyə yazıldılar. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gənclərə müraciətindən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə döyüşə getmək üçün minlərlə gənc üz tutdu. Onlardan biri də Ağacavad idi. Vətən övladlarının bir amalı, bir məqsədi vardı; o da 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etmək idi.
Düşmən ötən il sentyabrın 27-də yenidən mövqelərimiz üzərinə hücuma keçdi. Ordumuz erməni qəsbkarlarının hücumunun qarşısını mətinliklə aldı. Müzəffər Ali Baş Komandanın əks-hücum əmri ilə ordu birləşmələrimiz hərəkətə keçdi. İlk əks-hücumla düşmənin əsas mövqelərinə ağır zərbələr endirildi. Dəqiq atəş zərbələri nəticəsində xeyli erməni məhv edildi. Döyüşdə üstünlüyü ələ alan hərbçilərimiz doğma torpaqlarımızı azad etməyə başladılar. 44 gün davam edən müharibənin ilk günündə Mütəllimzadə Ağacavad Ələsgər oğlu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinə gələrək könüllü cəbhəyə yola düşüb.
İlk döyüş yolu Füzulidən başladı Ağacavadın. Cəbrayılın, Zəngilanın, Xocavəndin və başqa yaşayış məntəqələrimizin ermənilərdən azad edilməsi uğrunda qətiyyətlə döyüşdü. Ağacavadın son döyüşü oktyabrın 22-də Xocavənd yaxınlığında "Ziyarət dağ" adlanan yüksəklik uğrunda oldu. Düşmən snayperi igid döyüşçümüzün həyatını yarıda qoydu.
Yüksək döyüş bacarığı ilə silahdaşlarının rəğbətini qazanan Ağacavad təkcə Mütəllimzadələr ailəsinin deyil, şərəfli ölümü ilə xalqın övladı oldu.
Xalq öz dəyərli övladlarını hər zaman xatırlayır. Şəhid Ağacavad Ələsgər oğlu Mütəllimzadə döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" , "Cəsur döyüşçü", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.