Xalqımızın şanlı tarixi coxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir, sərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Hər kəs anadan qəhrəman doğulmur. Onun yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter, ən başlıcası xalqın ruhunun can ortağı olan ruhu yetişdirir. Vətən, torpaq uğrunda öz canını qurban verənlər xatirəyə dönüb dillər əzbəri olurlar. Öz qanını Vətən torpaqları üzərinə çiləyən, qəlblərə köçərək milyonlarla insanın sevgisini qazanan Vətənin laiqli övladlarından biri də şəhid Məhəmməd İsmayılzadənin bu gün 3- cü ildönümü qeyd olundu.
Baş tutan tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, dostlərı, qazilər, şəhid ailələri, media nümayəndələri iştirak etmişdilər.
Öncə Şəhidin Zığ qəsəbəsi, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət edilmiş, önünə gül-çiçək dəstələri düzülərək ruhu böyük ehtiramla yad olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra mərasim evində şəhidin adına ehsan süfrəsi verildi, ruhuna dualar oxundu.
Anım mərasimində cıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğlanlarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışdılar. Və bildirdilər ki, xalqımız qəhrəmanlarını unutmur, onları qəlbində, yaddaşında, əziz xatirələrini daim yad edir, gələcək nəsillərə ötürür.
Sonda xatirə şəkilləri çəkildi.
Qeyd edək ki, Məhəmməd İsmayılzadə 10 iyun 1996-cı ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Yengicə kəndində dünyaya göz açıb. Ailənin tək oğul övladı olan Məhəmmədə Vətən sevgisi atasının 1992-1993-cü ildə 2 il Qarabağda göstərdiyi şücaətindən keçmişdi.
Məhəmməd Vətən Müharibəsində ön cəbhədə həmlə taborunda könüllü olaraq vuruşub. Füzuli rayonunun və Hadrutun alınmasında böyük şücaətlik göstərib. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Məhəmməd İsmayılzadə 25 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb.
Xatırladaq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Məhəmməd Fizuli oğlu İsmayılzadə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
İLHAMƏ HÜSEYNİ.